İnsan kimdir ?!

Gözlərimi yumuram və görürəm ki, olduqca hündür bir qayanın üzərində oturmuşam. Hava qaranlıqdır.. Parlaq ulduzlar sonsuz göylərə səpələnərək ruhumu da uzaqlara çəkib... Qayanın altında coşqun dəniz var. O bu gün çox coşqun və dalğalıdır... Dalğalar zərblə qayalara çırpılır, daşlar islanır və bu soyuqdan həzz alırmışlar kimi, səssizcə Allaha bu gözəlliyə görə şükürlər edirlər... Səssizlik məgər ən gözəl dua deyilmi? Sərin külək əsir və mənim yanımda oturaraq başını dizlərimin üzərinə qoyan sevgilimin saçlarını sığallayır... Coşqun dəniz, dənizin ətri və dalğaların zərbəsindən azacıq titrəyən qaya, qaranlığın üzünü zinətləndirərək asimanı bəzəyən sehrli ulduzlar ,əsən sərin külək, bir az kənarda qalanmış ocağın arabir gələn tüstü ətri... Göylərə, uzaqlardan bizə baxaraq xəyallarımızı özlərinə çəkən ulduzlara baxırıq, əsən küləklə rəqs edirik, dənizin qoxusu isə ruhumuzu ovsunlayırıq, azadıq, xoşbəxtik.. Xoşbəxtlik məgər bu qədər gözəl mi? Tək o var, bir də mən. Bir təbiət var, bir də bu gözəllikləri yaradan Allah... Şükürlərimiz necə də, dayazdır...
 Çox təəsüf ki, gözlərimi açıram və görürəm öz divarları saralmış misgin otağımdayam... Otağın küncündə köhnə yazı masası və onun da üstündə qalaqlanmış kitablar. Kitablar necə də mənə yazıq görünür, elə bil onları daha heç vaxt oxumayacağıma görə dərd çəkirlər. Toz bağlamış işıq isə tavandan sakitcə asılıb və kimisə gözləyərək gözü yollardadır... Pəncərədən çöldə isə soyuq payız küləyi çılpaq budaqlarla sevişir və elə bil bundan həzz alırmış kimi tənha qurd kimi ulayır. Məndən bir az aralıda çarpayı durur... Artıq gecdir və o mənim üçün darıxır.İstəyir ki, tezliklə gəlim və onun üzərində uzanım... Çarpayı da tənhadır, o da məni gözləyir,mən də arzularımı..
 Arzularsa çox uzaqdır. Ən uzaq arzular həmişə laldır, danışansa yaxınlıqda olan acı reallıq... Ürəyim sıxılır, yenə reallığa nifrət və yenə içimi boğan qəhər... Yenə də qəlbimin dərinliklərində baş qaldıran dilsiz naşükürlüklər və sakitcə pıçıldayaraq “İlahi, axı bu insanı niyə belə yaratmısan, axı hanı mənim arzularım, hər şey bu qədər bəsit mi?!” deyə fəryad edən çürümüş ürək...
 Və nəhayət bu gün də bir söz tapdım və bunu da öz iyrənc həyat kitabıma əlavə etdim. Bu mənim fəlsəfəmdir, arıq və xəstə fəlsəfəm. Bu günün sözü də belə oldu:
-İnsan kimdir?
-Arzular qurmaq üzrə mütəxəssis.

Bu gün də belə və mən zəngi qurub işığı söndürürəm.
Yerimdə uzanıb sehrli yuxular görmək ümidi ilə sizlərdən ayrılıram..




Комментарии

  1. Aci gerceklerle bizi uzlewdirdiyin ucun tesekkurler Rufet

    ОтветитьУдалить
    Ответы
    1. Acı gerçəklər, şirin yalanlardan üstündür. Bəyəndiyinizə sevindim. Dəuərli vaxtınızdan ayırıb oxuduğunuz üçün təşəkkür edirəm sizə.

      Удалить
  2. Yenə mükəmməl yanaşma, yenə sətraltı mənalarla zəngin düşüncənin sözlərdə birləşən gizli dünyası. Qəlbinə və qələminə sağlıq. Belə yazılar yalnız hiss etməyi bacaran və özünə, ətrafına laqeyid olmayan insanın könlündən süzülüb gələ bilər. Arzu edirəm ki, həyatın yuxularda gördüyün mənası ilə qəlbini fərəhləndirən gözəl günlərlə bəzənsin.

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Bir qadın...

Həyat dediyin əslində "sevgi" deyilmi?!

Dünyanın içində dünyamsan mənim..