Keçmişdən gələn qonaq

Bu gün heç olmadığı qədər həyəcanlı idi. Sanki illərini itmiş bir xəzinənin axtarışına sərf edən bir səyyah kimi hiss edirdi özünü. Etməli idi də.. Çünki, gənclik illərinin xəzinəsini tapmışdı.. İllər öncə istəmədən ayrıldığı, axtarsa da tapa bilməyəcəyi bir yaxınını tapmışdı dünən. Bütün qəzet başlıqlarının baş xəbərində idi həmin adam.. Hər kəs bu qadının dünya hegemonlarıyla şərik olmasından danışırdı.. O, isə heç bir şeyi düşünmürdü, yalnız onu tapdığı üçün sevinirdi..
Dünən ilk dəfə adını eşidəndə qərar vermişdi onunla görüşməyə. Onunla illərin həsrətini ovutmağa, unutmağa getməyi qərarlaşdırmışdı dünən.. Onun əllərindən yenə tuta bilmək, gözlərinə baxıb, yenə də içdən içə “səni hələ də sevirəm” demək istəyirdi. İstəyirdi.. Onu gənclik illərində olduğu kimi hələ də çox sevirdi..
Bu gün işdən həmişəkindən fərqli olaraq tez çıxmışdı.. Həyatının görüşü vardı.. Gəncliyini əlindən almış, sevgisini əlindən almış birini görəcəkdi bu gün.. Keçmişindəki kimi xəyal edirdi onu.. Sevincli idi, amma içində qəribə bir hüzn də vardı..
Saat 17: 20 idi. Bir dəstə gözəl bir  gül alıb, dayanacaqdan biraz irəlidə taksi saxladı. Əyləşib, kobud səslə “ Zəhmət olmasa, “Grand Holdinq”ə sürün”. Hər şeyi xəyal edirdi, çünki, 30 ilini ancaq xəyal qurmaqla keçirmişdi. Saat 17:45-də artıq həmin ünvanda idi.. Qapıdakı  mühafizəyə yaxınlaşanda onun üçün aldığı gül dəstəsini taksidə unutduğunu xatırladı. Gec idi, geri qayıtmaq, yeni gül bağlatdırmaq artıq mümkünsüz idi. Mühafizədən min xahiş minnətlə keçməyi bacarmışdı.. Həyəcanı birə on artmışdı.
Budur.. Girişdədir.. Katibəyə görümək istədiyini bildirdikdə razı olmasa da təkdi etmişdi.. Onu görmək üçün hər şeydən keçməyə razı olacağını demişdi, min cür sözlə katibəni razı sala bilmişdi.. Və nəhayət qapı açıldı.. Keçmişi ilə üzləşməyə saniyələr qalmışdı..
İçəri girir, həyəcandan dili-dodağı qurusa da sakitcə nə deyəcəyini, nədən başlayacağını düşünürdü. Bəlkə də həyatının görüşü idi bu.. Ona oturması üçün yer təklif olundu.. Otaqda qəribə bir sükut vardı.. Və nəhayət..
-Yaşlanmısan, hətta illərin də sənə rəhmi gəlməyib sənə.
Bəlkə də yaxşı başlanğıc olmadı deyə düşünərkən, istəmədən, “yox, sən qocala bilməzsən. Gözəlliyini də itirməmisən. Həmin gözlər, bu illərə rəğmən həmin gözlər..”
Qarşısındakı əbədi sevgisi bu sözdən sanki ayılmış kimi, cəld şəkildə yerindən sıçrayıb, otaqdakı bara yaxınlaşır. Viski süzür, çevrilərək gülərüzlə “İçirsən?” deyə ona müraciət etdi. Cavab gözləmədən  artıq qarşısında dördkünc viski stəkanını görür.
Son anlarıymış kimi 30 ildə demək istəyib də, deyə bilmədiyi bütün sözlərini qısa zamana sığışdırmağa çalışırdı. Son nəfəsmiş kimi.. Son ümidmiş kimi... Son.. Hələ çox son saymaq olardı.. Fikrində gəncliyi, dilində isə anlaya bilmədiyi sözlər vardı.. O iri, qalın dodaqların arasından “sənin üçün çox darıxmışam”, ardınca isə o qədər də aydın olmayan titrək bir səslə “mən səni hələ də çox sevirəm”. Təhsilini davam etmək üçün xaricə getməli olduğunu, qayıtdıqdan sonra isə onu tapa bilməməsini danışırdı həyəcanla.. Gəncliklərini xatırlamışdı...Özü gəncliyində çox yaraşıqlı idi..  O  da pis deyildi əslində. Gözəl də demək olardı. Qamətli, ipək kimi saçları, iri qara gözləri, gülüş əskik olmayan dodaqları. Qarşıdakı illərdən xəbərsiz cavan bir qız. Elə indicə ona sarılmaq, gözlərindən öpmək istəyirdi. Beləliklə, keçmişini, gənclik illərini, o zamankı bütün insanları qucaqlayacaqdı. Lakin unutduğu çox şey vardı bəlkə də...
Qadın onu dinləyə-dinləyə pəncərədən üzərinə qaranlıq çökmüş, lakin işıqlardan bir başqa gözəlləşən şəhərə baxırdı.. İstəmədən, bir anlıq həmsöhbətinin ssöhbətindən ayrılmalı oldu.. Zəng çalan telefonunu açıb nə isə danışırdı.. O isə hələ də 30 il əvvəldə qalmışdı.. O günləri axtarır, geri qaytarmağa çalışırdı sanki.. Bu zaman bəlkə də həyatında eşitmək istəməyəcəyi bir söz eşitdi telefonda... “ Oğlum, bu gün işlərim çoxdur, bir az gec çıxmalı olacağam.”
Sanki bu cümlələr onu yenidən indiki zamana qaytardı. Bəlkə də onun ömrünün 30 ilini axtarmağa sərf etdiyi bir qızın sevgisinə sadiq qalmadığını düşünə bilərdi, bəlkə də onun bunu izah etməyə tutarlı səbəbləri vardı.. İş işdən keçmişdi.. Özü də çox yaxşı bilirdi, getmək lazımdır.. Sakitcə otağı tərk etdi.. Pillələri hıçqıraraq, ağlaya-ağlaya düşdü.. Tələsirdi.. Çatmalı olduğu bir qatarı vardı.. Ömür qatarı.. Çoxlarına vəfa etməyən ömür qatarı.. O, anlamışdı artıq.. Anlamışdı ki, onun üçün özü nə qədər bu günsə, özü üçün o qədər keşmişdədir.. O, onun üçün 30 ilini itirmişdi, qazancı isə onun ömründən bir neçə oğurlanmış saat.. Bütün bunları düşünür, ləngərləyə-ləngərləyə, ağır addımlarla küçədəki bozumtul qaranlıqda yavaş-yavaş itirdi..

Комментарии

Популярные сообщения из этого блога

"Salam, necəsən?"

İstərdim...

Gülümsəmək çətindir bəzən...